Bizi izləyin:

Qırmızı körpü

Qırmızı körpü Qazax-Tbilisi yolunda, Xramçayın üzərində inşa olunub. Gürcüstanla Azərbaycan arasında olan dövlət sərhədi məhz buradan keçir. Bu körpü XII əsrdə Atabəy hökmdarı Məhəmməd Cahan Pəhləvanın dövründə tikilib. Dörd aşırımlı körpünün ümumi uzunluğu 175 m-dir. Eni sahildə 12,4 m, keçid hissədə isə 4,3 m təşkil edir. Başdan-başa bişmiş qırmızı kərpiclə hörüldüyünə görə abidə "Qırmızı körpü" adını alıb. Körpünün sahil dayaqlarında vaxtilə karvanların gecələməsi üçün geniş otaqlar-karvansaralar mövcud olub. Qırmızı körpü üslub cəhətdən qədim Gəncə, Xudafərin, Marağa və Ərdəbil körpüləri ilə eyniyyət təşkil edir. XVII əsrdə Şax Abbas tərəfindən əsaslı təmir etdirilib və bəzədilib.