Bizi izləyin:

Gülüstan türbəsi

Naxçıvanda türk-islam mədəniyyətinin diqqəti cəlb edən xatirə abidələrindən biri Gülüstan türbəsidir. Türbə Culfa rayonunun Gülüstan kəndindən 1 km şərqdə, Araz çayının sol sahilində inşa edilmişdir. Burada dəfn olunan şəxsin qəbirüstü abidəsində “Hüseyn Baykaranın oğlu Bahadır Şəfad” sözləri həkk olunub. Əmir Teymurun nəslindən olan Xorasan hökmdarının oğlu Bahadır Şəfad Naxçıvanda vəfat edib və burada türbənin sərdabəsində dəfn olunub. Mənbələrdə bəzən “Kəsik günbəz” kimi də xatırlanır. 2 hissədən - sərdabə və türbədən ibarətdir. Digər türbələrdən fərqli olaraq sərdabə yerin səthindən yuxarıda inşa olunub. Türbənin üzərindəki tağçalar naxış və ornamentlərlə doldurulmuşdur. Həndəsi naxışların təhlilinə əsasən türbənin XII əsrdə inşa olunduğunu söyləmək olar. Gülüstan türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci il tarixli sərəncamı ilə bərpa olunmuşdur.