Bizi izləyin:

“Azərbaycanın 7 möcüzəsi” layihəsinin təqdimat mərasimi keçirilib

28 May 2019-cu il tarixində İçərişəhərdə “Azərbaycanın 7 möcüzəsi” adlı  yeni bir layihənin təqdimat mərasimi baş tutmuşdur. “İDEA” ictimai birliyinin və “Nature and History Production”ın dəstəyi ilə start verilən yeni layihə, tədbirə dəvət olunan qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

Qeyd edək ki, Azərbaycanda ilk olan “Azərbaycanın 7 möcüzəsi” layihəsinin məqsədi cəmiyyətdə vətənpərvərlik hisslərini artırmaq, milli-mədəni və tarixi irsimizi qorumaq, Azərbaycan tarixinin mübahisəli və təhrif edilmiş faktlarını dövrün tarixi abidələri fonunda öyrənərək araşdırmaq, ölkəmizin ərazisində yerləşən tarixi, mədəni və təbii obyektlərin tanıdılmasına, qorunmasına və bərpa edilməsinə diqqət yönəltməkdir. Həmçinin “Azərbaycanın 7 möcüzəsi” layihəsi ölkə daxilində və xaricində Azərbaycanın tarixi, mədəni və təbii incilərini tanıtmaqla yerli və xarici turizmin, eləcə də həmin ərazilərdəki infrastrukturun inkişafına təkan verməyi öz qarşısına məqsəd qoymuşdur.

İDEA ictimai birliyinin rəhbəri Leyla xanım Əliyevanın, ictimai-siyasi xadimlərin, xarici səfirliklərin nümayəndələrinin, elm adamlarının, tanınmış mədəniyyət və incəsənət ustalarının, eləcə də digər peşə sahiblərinin qonaq olduğu tədbir çox maraqlı anlarla yadda qaldı. Xüsusi olaraq hazırlanan, layihənin mahiyyətini əks etdirən məkanın dekorasiyasında tariximizi əks etdirən atributlar, mənəvi dəyərlərimizi ifadə edən geyimlər, üzərində layihənin adının əks olunduğu bayraqlar diqqət çəkmişdir. Bunlardan əlavə məkanın interyerində hazırlanan  qala maketi və üzərində insan təsvirlərinin əks olunduğu iri qaya daşları qonaqları məkana daxil olarkən tam fərqli hisslərə bürümüş, keçmişə kökləmişdir.

Tədbirdə çıxış edən “Nature and History production”ın rəhbəri Hikmət Nağdəliyev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, həmçinin Mədəniyyət və Turizim nazirinin müavini Sevda Məmmədəliyeva və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev layihə haqqında öz fikirlərini bölüşmüşdür.

Təqdimatın sonunda “www.yeddi.az” saytında “Azərbaycanın 7 möcüzəsi” layihəsinin səsverməsinə start verilmişdir. Tədbirə dəvət olunan qonaqlar daha sonra qədim musiqi alətlərindən ibarət ansamblın çıxışlarını dinləmişlər.